DNS mağazalar şəbəkəsində Azerfon-Vodafone-un yeni xidmətləri və 3G (üçüncü nəsil) məhsulları təqdim olunur.
Razılığa əsasən, DNS Computers mağazalar şəbəkəsi Azerfon-Vodafone mobil rabitə operatorunun rəsmi partnyoru oldu. Şirkətlər arasında imzalanmış müqaviləyə əsasən DNS mağazalarında Azerfon-Vodafone-un bir sıra məhsulları satışa çıxarılacaq.
Azerfon-Vodafone-un rəhbəri Leyla Nəsrullayeva qeyd etdi ki, Azerfon-Vodafone və DNS arasında partnyorluq müqaviləsinin bağlanması hər iki şirkətə istifadəçilərin ehtiyaclarının ödənilməsini yaxşılaşdırmağa köməklik göstərəcək. “Hamımızın qarşısında bir məqsəd var - istifadəçilərin tələbatını maksimal dərəcədə təmin etmək. Beləliklə, Azerfon-Vodafone İKT sahəsində aparıcı şirkətlərlə əməkdaşlıq qurur. Ümid edirik ki, birgə səylər sayəsində biz istifadəçilərimizi mobil rabitənin və İT məhsulların birgə dəsti ilə təmin edə bilərik”.
DNS şəbəkəsinin 15-dən artıq mağazasında Azerfon-Vodafone-un nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklərdə abunəçilər Azerfon-Vodafone şəbəkəsinə qoşula, tarif planları haqqında ətraflı məlumat ala və göstərilən xidmətlərin geniş çeşidi ilə tanış ola bilərlər. Bundan başqa, DNS mağazasında Acer noutbuklarını alan hər kəs hədiyyə olaraq, PULSUZ 3G modemi və 6 ay ərzində 1G aylıq internet qazanır.
Azerfon-Vodafone İKT sahəsində dünya və yerli aparıcı şirkətlərlə partnyorluq etməsinə xüsusi önəm verir. Azerfon-Vodafone hal-hazırda Oracle, Vodafone, Softline, Nokia, Microsoft, Golden Pay və s. şirkətlərlə əməkdaşlıq edir.
